Uşaqlarda miqren səbəbi, əlaməti və müalicəsi.
Miqren nədir?
Miqren 5-15 yaş arası uşaqların 10%-də miqren ağrılarına rast gəlinir və baş ağrısı ilə müraciət edən uşaqların 75%-də ağrının səbəbidir. Qızlarda daha çox görünür.Miqren periodik olaraq təkrarlanan xroniki baş ağrılarıdır. Xarakterik əlaməti başın bir yarısında pulsasiyaedici ağrıların olmasıdır. Bu ağrılar, adətən, ürəkbulanma, qusma, işıqa qarşı həssaslıq, səsə dözümsüzlük ilə müşayiət olunur və 4-72 saat çəkə bilər. Bu səbəbdən miqreni olan uşaqlar adi uşaqlardan daha çox dərs buraxarlar. Miqren tutması olduqda xəstə fiziki hərəkət etdikdə ağrı şiddətlənir.Miqren xəstəliyi genetik meyilli xəstəlikdir, hətta ailəvi hemiplegik miqren adlanan bir forması da mövcuddur. Miqrenli bir uşağın, adətən, bioloji valideynlərindən birində miqren tutmalarının olması aşkarlanır.
Miqrenin əlamətləri.
Miqren tez-tez rast gəlinən ürək bulanması, qusma ilə müşahidə olunan, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrısıdır. Həmçinin miqren nevroloji xəstəlikdir. Miqren ağrıları saatlar və ya günlərlə davam edir. Uzun müddət davam edən miqren ağrıları miqren statusu adlanır. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəlik əsasən qadınlarda geniş yayılıb. Miqren baş ağrısı ürəkbulanma, diareya, işığa, səsə həssaslıq, qan dövranının zəifləməsinə səbəb olur. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər. Miqrenin simptomları baş ağrısından bir müddət əvvəl, dərhal baş ağrısına keçən vaxt, baş ağrısı ilə eyni zamanda və baş ağrısından sonra əmələ gələ bilər. Miqrenin əsas səciyyəvi simptomlarına aiddir:
- Pulsasiyaedici və pulsasiya etməyən birtərəfli ağrı;
- 4 saatdan 72 saata(3 günə) qədər davam edən ağrı;
- ürək bulanma, qusma;
- işığa,qoxuya,səsə həssaslıq.
- əmək qabiliyyətinin itirilməsi
- adi fiziki yükdən ağrının güclənməsi
Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə müşahidə olunan, əmək qabiliyyətinin məhdudlaşdırılmasına gətirən təkrarlanan kəskin baş ağrıları ilə nevroloji müayinələrin nəticələri normal olan pasiyentlər miqren xəstəliyi olan xəstələr kimi qəbul olunmalıdırlar
Miqren baş ağrısını artıran faktorlar nələrdir?
Miqren həmlələrinin meydana çıxmasına səbəb olan təkanverici (tətikləyici) amillər mövcuddur: emosional gərginlik, idmanla məşğul olma, kəllə-beyin zədələnmələri, qadınlarda menstrual dönəmdə esterogenlərin periodik azalması. Bəzi travmatik idman növləri ilə məşğul olma və tez-tez zədə alma miqreni tətikləyə bilər. Amma baş-beyin zədələnmələrindən sonra başlayan ağır miqren tutmaları zamanı ürəkbulanma, qusma və keçici nevroloji defisit meydana çıxarsa, kəllə-beyin qanaxmalarından şübhələnmək lazımdır.
Uşaqlarda miqren 3 qrupa ayrılır:
Auralı miqren
Aurasız miqren
Miqrenə ekvivalent ağrılar.
Auralı miqren.
Auralı miqren 2 mərhələdə gedir. Başlanğıcda məhəlli olaraq beyin-qan axımının azalması və keçici nevroloji pozğunluqlarla əlaqələnən xəbərdarlıq dalğası aura adlanır. Auranın ən çox rast gəlinən növü görmə pozulmalarıdır: göz önündə parıltılı nöqtələr, bulanıq görmə, görmə sahəsinin yarısının itməsi, keçici korluq və görmə hallusinasiyaları ola bilər. Uşaqların 1/3 görmə pozğunluqlarının olduğunu təsdiqləyir. Qalan uşaqlar isə təsvir etməkdə çətinlik çəkir. Görmə hallusinasiyası və görmə-ölçü təhrifləri bədən quruluşunun və görünüşünün qavranmasında keçici dəyişiklik yarada bilər. Buna “Alisa möcüzələr aləmində” sindromu deyilir. Ətraflarda və ağız ətrafında hissiyyat pozulması (dizesteziya) sıx müşahidə edilən auralardır. Auranın digər bir forması fokal-motor pozulmalardır: oftalmoplegiya, hemiplegiya (ətraflarda birtərəfli zəiflik) və afaziya (nitq pozulması) ortaya çıxa bilər. Qorxulu görünməsinə baxmayaraq, 24-72 saat müddətində geri dönər.
Miqren həmləsi ilk mərhələnin sonunda-yəni, başağrısı olmadan bitə bilər; və ya 1-ci mərhələ qısa, əlamətsiz olmaqla birbaşa ağrı mərhələsinə keçə bilər (aurasız miqren) 2-ci mərhələ baş ağrıları və ara-sıra qusma ilə şərtlənir. Miqren həmləsinin əvvəlində ağrı kütdür, daha sonra zoqquldayan, başa “gum-gum vuran” formadadır. Tutmanın əvvəlindən etibarən şiddətli olan ağrı miqren ağrısı deyil. Xəstələrin 2/3 hissəsində ağrı birtərəfli, qalanlarında ikitərəfli olur. Ağrı göz yuvası, alın və gicgahda ən şiddətli olur. Getdikcə ağrı daha intensiv və yayılmış olur. Çox vaxt baş ağrıları 2-6 saat çəkir, ürəkbulanma və ara-sıra qusma da olur. Iştahasızlıq və fotofobiya (işığa həssaslıq) miqren tutmalarını müşayiət edən əlamətlərdir. Miqren həmləsi zamanı uşaq xəstə görünür və daim yatmaq istəyir. Qusma çox zaman miqren həmləsinin sona çatmasını göstərir və yorulmuş uşaq yuxuya gedir, oyandıqda isə normal həyatına geri dönür. Uşaqlarda miqren həmləsi, əsasən, ayda 1 dəfə olur.
Aurasız miqren
Aurasız miqren 1 mərhələlidir. Həmlə zamanı baş ağrısı və qusma əsas əlamətdir. Tipik başlanğıc əlaməti kefsizlik, halsızlıq və ürəkbulanmadır. Baş ağrısı birtərəfli və başa döyəcləmə şəklində olur, ancaq uşaq onu izah etməyə çətinlik çəkir və yerini göstərə bilmir. Uzun çəkən baş ağrısı daim eyni intensivlikdə olmur, fiziki aktivlik ağrını şiddətləndirir.Aurasız miqreni digər baş ağrılarından fərqləndirmək çətin olur. Uşağın xəstə görünməsi, yatmaq istəməsi, işıq və səsə qarşı həssas olması vacib klinik əlamətlərdir. Ürəkbulanma və qusma ard–arda bir neçə dəfə ola bilər, həmlənin sonlandığını bildirməz və bəzən baş ağrılarından daha ifadəli ola bilər.
Miqrenin əsas diaqnostik vacib əlamətləri ailədə miqren xəstəsi olması, təkrarlanan baş ağrıları, ürəkbulanma və qısamüddətli nevroloji defsitdir. Diaqnozdan tam əmin olmadıqda bəzən MRT müayinəsinə ehtiyac duyula bilər. Oksipital epilepsiyadan fərqləndirmək üçün EEQ müayinəsi lazım ola bilər.
Bir miqren xəstəsinin bilməli olduqları: Miqren keçici bir vəziyyət deyil, bəzən ömür boyu davam edə bilər, müalicə ilə tutma arası müddəti uzatmaq mümkündür Baş ağrısını tətikləyən amilləri bilmək və onlardan uzaq olmaq gərəkdir Yuxu şiddətli ağrı tutmasını da sonlandıra bilər Ağrı tutması başlayarkən onu qəbullanıb, ağrıkəsici qəbul edib, daha sonra yuxuya getməyə çalışmaq lazımdır.
Miqrenin müalicəsi.
Miqrenin müalicəsi davranış terapiyası, tutmanın müalicəsi (kəskin) , qoruyucu və ya profilaktik müalicə olmaqla 3 ana başlıq altında birləşir. Davranış terapiyası dedikdə, miqreni tətikləyən faktorlardan uzaq olmaq yəni, dieta, normal gecə yuxusunun olması, relaksion əgzərsizləri, koqnitiv terapiya başa düşülür.Miqrendə ağrı səbəb olan amillərdən uzaq olmaq lazımdır. Məktəbdə baş verən problemlər uşaqda baş ağrısına səbəb olur.İmtahan zamanı yaranan yorğunluq, stres, vaxtında qidalanmamaq miqren ağrılarının tezləşməsinə səbəb olur.Kəskin dövrdə yəni ağrı olduqda uyğun dozada və zamanında aağrıkəsicilr qəbul edilməlidir. Səssiz və qaranlıq otaqda yuxuya getmək məsləhətdir. Lazım olan effekt olmadıqda 2 saat sonra yenə müvafiq preparat qəbul etmək lazımdır. Ağrıkəsicilər həkim nəzarəti altında qəbul edilməlidir. Həftədə 1-2 dəfədən çox qəbulu doğru hesab edilmir.
Uşaqlarda ibuprofen, asetaminofen qəbulu məqsədyönlüdürProfilaktik müalicə xəstənin miqren ataklarının qarşısını almaq məqsədilə aparılır. Ayda 3-4 dəfə miqqren atakı olan xəstəyə profilaktik müalicə tətbiq edilir. Yanaşı gedən xəstəliklər də nəzərə alınmalıdır. Profilaktik müalicə 4-6 ay aparılır.Profilaktik müalicə arasında fasilə aparılmalıdır. Profilaktik müalicəyə Propranolol, Amitriptilin, Topiramat, Levetiracetam və s preparatlarından istifadə edilir. Miqren zaman profilaktik istifadə edilən prepratlar çəkidə azalma, bəziləri çəki artımı və s kimi əlavə təsirlər yarada bilir. Uşaqlara profilkatik müalicə seçildiyi zaman ətraflı düşünüb daha az zərəri olan preparat təyin etmək məsləhətdir.