Uşaqlarda baş ağrıları səbəbləri və əlamətləri. Miqren
Uşaqlarda baş ağrıları.
Baş ağrısı uşaqlarda çox sıx rast gəlinən nevroloji xəstəliklərdəndir. 7 yaşlarda daha çox görünür. Hətta 5 yaşlı uşaqlarda olur. Epidemioloji araşdırmalara görə miqren baş ağrısı daha çox rastımıza çıxır. Miqren 14 yaşlı oğlanlarda 6 % , qızlarda isə 14 % hallarda görünür. Beynəlxalq baş ağrısı dərnəyinə göeə baş ağrısının klassifikasiyası.
- Miqren
Auralı miqren
Aurasız miqren
2. Gərginlik baş ağrısı
Epizodik gərginlik baş ağrısı
Xroniki baş ağrısı.
3. Klaster baş ağrısı.
4. Digər birincili baş ağrıları
5. Baş və boyun travmalarına bağlı baş ağrıları
6. Baş beyin və boyun damar pozğunluqlarına bağlı baş ağrıları.
7. Vaskulyar durumlar xaricində intrakranial pozğunluqlara bağlı baş ağrısı.
Uşaqlarda yaranan baş ağrılarının səbəbi nədir?
Kəllə daxilində ağrıya meyilli əsas amil qan damarlarıdır. Damarlardakı vazodilatasiya, iltihab və gərilmə-yerdəyişmə kimi mexanizmlərlə ağrı tətiklənir. Beyin parenximası, yəni beyinin özü və onun ependimal daxili qişası ağrı mənbəyi deyil.
Ağrının beyincik çadırı üzərindəki damarlardan sonrakı ötürülməsi N.trigeminus- üçlü sinir ilə olur; beyincik çadırı altdakı damarlardan isə I, II və III boyun sinirləri (N.servicalis) vasitəsilə yayılır. Üçlü sinirin göz şaxəsi (N.ophthalmicus) sərt qişanın üz nahiyəsindəki arteriyaları inervasiya etdiyi üçün ağrını göz və alına göndərir. 3-lü sinirin 2-ci və 3-cü şaxəsi art. meningea medianı inervasiya edir və ağrını gicgaha göndərir.
N.trigeminusun hər 3 şaxəsi beyinin arteriyalarını inervasiya edir və gicgaha göndərir. Bundan əlavə, arxa çuxurdakı ( fossa pasteriyor) bütün toxumalardan göndərilən ağrı kəllənin arxasına və boyuna yayılır.
Kəllə xaricində bir neçə nahiyə ağrıya həssasdır. Dərinin iri arteriyaları göz yuvasında, alın və gicgahda yerləşir və onlar gərginləşərkən ağrıya səbəb ola bilərlər. Kəllə sümükləri ağrısızdır, amma buna baxmayaraq, sümüküstlüyü, xüsusilə, dişlərə və sinuslara bitişik olanlar iltihablaşdıqda çox ağrılıdır.
Kəllə sümüyünə bitişik olan əzələlər də ağrı mənbəyi ola bilər. Başda ən böyük əzələ qrupları: boyunun açıcı əzələləri, çeynəmə əzələsi və alın əzələsidir. Əzələlərlə əlaqəli ağrının mexanizmi tam bilinmir, ancaq uzun müddət gərgin vəziyyətdə qalma ilə əlaqəli olmağı düşünülür.
Servikal, yəni boyun sinir kökcüklərindən və sinirlərindən qaynaqlanan ağrı zədə və ya mexaniki dartılmaya bağlıdır. Servical kökcüklər üçün baş və boyun arxasında ağrı,kəllə sinirləri üçün isə, əsasən, üz nahiyəsində ağrı xarakterikdir.
Baş ağrısının səbəbinin tapılması üçün ən vacib olan anamnezdir. Ilk növbədə ağrının xarakterini aydınlaşdırmaq lazımdır: baş ağrısı xroniki olub, uşağın gündəlik həyatını, dərsdə iştirakını məhdudlaşdıracaq səviyyədədirmi? Yoxsa müəyyən vaxtdan bir təkrarlanan, uşağın evdə qalmasına səbəb olan və özünü xəstə hiss etməsinə yol açan tərzdədir.
Adətən uşaqlar ağrının xüsusiyyətini dəqiq ifadə edə bilmir. Bir qədər böyük uşaqlar “zoqquldayan”, “çatlayan” kimi sözlərlə ağrının şiddətini ifadə etməyə çalışırlar.
Ən vacib olan baş ağrısının tezliyi, ağrının davametmə müddəti və ağrı ilə birgə meydana gələn əlamətlərin dəqiqləşdirilməsidir. Bunların öyrənilməsi ağrının səbəbini tapmağa kömək edir.
Baş ağrısının xarakterini araşdırmaq üçün aşağıdakı suallara cavab tapılmalıdır:
- Baş ağrısı xroniki olub, uşağın həyatına mane olmur, yoxsa ara-sıra baş verir, lakin gündəlik həyatına ciddi təsir edir?
- Baş ağrılarının olmadığı ən uzun müddət nə qədərdir?
- Başqa xarakterli baş ağrıları varmı, yoxsa daim eyni xarakterlidir?
- Hər hansı ağrıkəsici istifadə edilirmi? (ağrıkəsicilərlə əlaqə baş ağrısını tanımağa kömək edər)
- Baş ağrıları müxtəlif intensivlikdə ola bilər:
- Davamlı, az şiddətli, xroniki baş ağrısı (ciddi patalogiya əlaməti sayılmır)
- Vaxtaşırı baş ağrıları: müəyyən müddətdən bir təkrarlanır, ağrı olmayan dövrdə uşaq tam sağlam olur və normal həyat fəaliyyətini davam etdirir
- Qısa müddət əvvəl ortaya çıxan və daha əvvəl olmuş ağrılardan fərqlənən, intensivliyi artıb-azalsa da əvvəlki normal vəziyyətə qayıtmağa qoymayan baş ağrıları (ciddi patalogiya əlaməti ola bilər)
- Normal nevroloji müayinə nəticələri olan uşaqda saniyələr sürən şiddətli ağrı tutması
- Periost ağrılar- sinusitlər zamanı rastlanır
- Servical və kəllə siniri ağrısı– 1 mərkəzdən ildırım kimi yayılan ağrı
- Xroniki proqressivləşən- zaman keçdikcə baş ağrısının intensivliyi artır.
Uşaqlarda Miqren.
5-15 yaş arası uşaqların 10%-də miqren ağrılarına rast gəlinir və baş ağrısı
ilə müraciət edən uşaqların 75%-də ağrının səbəbidir. Qızlarda daha çox görünür.
Miqren periodik olaraq təkrarlanan xroniki baş ağrılarıdır. Xarakterik əlaməti başın bir yarısında pulsasiyaedici ağrıların olmasıdır. Bu ağrılar, adətən, ürəkbulanma, qusma, işıqa qarşı həssaslıq, səsə dözümsüzlük ilə müşayiət olunur və 4-72 saat çəkə bilər. Bu səbəbdən miqreni olan uşaqlar adi uşaqlardan daha çox dərs buraxarlar. Miqren tutması olduqda xəstə fiziki hərəkət etdikdə ağrı şiddətlənir.
Miqren xəstəliyi genetik meyilli xəstəlikdir, hətta ailəvi hemiplegik miqren adlanan bir forması da mövcuddur. Miqrenli bir uşağın, adətən, bioloji valideynlərindən birində miqren tutmalarının olması aşkarlanır.
Miqren baş ağrısını artıran faktorlar nələrdir?
Miqren həmlələrinin meydana çıxmasına səbəb olan təkanverici (tətikləyici) amillər mövcuddur: emosional gərginlik, idmanla məşğul olma, kəllə-beyin zədələnmələri, qadınlarda menstrual dönəmdə esterogenlərin periodik azalması.
Bəzi travmatik idman növləri ilə məşğul olma və tez-tez zədə alma miqreni tətikləyə bilər. Amma baş-beyin zədələnmələrindən sonra başlayan ağır miqren tutmaları zamanı ürəkbulanma, qusma və keçici nevroloji defisit meydana çıxarsa, kəllə-beyin qanaxmalarından şübhələnmək lazımdır.
- Uşaqlarda miqren 3 qrupa ayrılır:
- Auralı miqren
- Aurasız miqren
- Miqrenə ekvivalent ağrılar.
Auralı miqren
Auralı miqren 2 mərhələdə gedir. Başlanğıcda məhəlli olaraq beyin-qan axımının azalması və keçici nevroloji pozğunluqlarla əlaqələnən xəbərdarlıq dalğası aura adlanır. Auranın ən çox rast gəlinən növü görmə pozulmalarıdır: göz önündə parıltılı nöqtələr, bulanıq görmə, görmə sahəsinin yarısının itməsi, keçici korluq və görmə hallusinasiyaları ola bilər. Uşaqların 1/3 görmə pozğunluqlarının olduğunu təsdiqləyir.
Qalan uşaqlar isə təsvir etməkdə çətinlik çəkir. Görmə hallusinasiyası və görmə-ölçü təhrifləri bədən quruluşunun və görünüşünün qavranmasında keçici dəyişiklik yarada bilər. Buna “Alisa möcüzələr aləmində” sindromu deyilir. Ətraflarda və ağız ətrafında hissiyyat pozulması (dizesteziya) sıx müşahidə edilən auralardır. Auranın digər bir forması fokal-motor pozulmalardır: oftalmoplegiya, hemiplegiya (ətraflarda birtərəfli zəiflik) və afaziya (nitq pozulması) ortaya çıxa bilər. Qorxulu görünməsinə baxmayaraq, 24-72 saat müddətində geri dönər.
Miqren həmləsi ilk mərhələnin sonunda-yəni, başağrısı olmadan bitə bilər; və ya 1-ci mərhələ qısa, əlamətsiz olmaqla birbaşa ağrı mərhələsinə keçə bilər (aurasız miqren).
2-ci mərhələ baş ağrıları və ara-sıra qusma ilə şərtlənir. Miqren həmləsinin əvvəlində ağrı kütdür, daha sonra zoqquldayan, başa “gum-gum vuran” formadadır. Tutmanın əvvəlindən etibarən şiddətli olan ağrı miqren ağrısı deyil. Xəstələrin 2/3 hissəsində ağrı birtərəfli, qalanlarında ikitərəfli olur. Ağrı göz yuvası, alın və gicgahda ən şiddətli olur. Getdikcə ağrı daha intensiv və yayılmış olur. Çox vaxt baş ağrıları 2-6 saat çəkir, ürəkbulanma və ara-sıra qusma da olur. Iştahasızlıq və fotofobiya (işığa həssaslıq) miqren tutmalarını müşayiət edən əlamətlərdir. Miqren həmləsi zamanı uşaq xəstə görünür və daim yatmaq istəyir. Qusma çox zaman miqren həmləsinin sona çatmasını göstərir və yorulmuş uşaq yuxuya gedir, oyandıqda isə normal həyatına geri dönür. Uşaqlarda miqren həmləsi, əsasən, ayda 1 dəfə olur.
Aurasız miqren
Aurasız miqren 1 mərhələlidir. Həmlə zamanı baş ağrısı və qusma əsas əlamətdir. Tipik başlanğıc əlaməti kefsizlik, halsızlıq və ürəkbulanmadır. Baş ağrısı birtərəfli və başa döyəcləmə şəklində olur, ancaq uşaq onu izah etməyə çətinlik çəkir və yerini göstərə bilmir. Uzun çəkən baş ağrısı daim eyni intensivlikdə olmur, fiziki aktivlik ağrını şiddətləndirir.
Aurasız miqreni digər baş ağrılarından fərqləndirmək çətin olur. Uşağın xəstə görünməsi, yatmaq istəməsi, işıq və səsə qarşı həssas olması vacib klinik əlamətlərdir. Ürəkbulanma və qusma ard–arda bir neçə dəfə ola bilər, həmlənin sonlandığını bildirməz və bəzən baş ağrılarından daha ifadəli ola bilər. Miqrenin əsas diaqnostik vacib əlamətləri ailədə miqren xəstəsi olması, təkrarlanan baş ağrıları, ürəkbulanma və qısamüddətli nevroloji defsitdir. Diaqnozdan tam əmin olmadıqda bəzən MRT müayinəsinə ehtiyac duyula bilər. Oksipital epilepsiyadan fərqləndirmək üçün EEQ müayinəsi lazım ola bilər.
Bir miqren xəstəsinin bilməli olduqları:
- Miqren keçici bir vəziyyət deyil, bəzən ömür boyu davam edə bilər, müalicə ilə tutma arası müddəti uzatmaq mümkündür
- Baş ağrısını tətikləyən amilləri bilmək və onlardan uzaq olmaq gərəkdir
- Yuxu şiddətli ağrı tutmasını da sonlandıra bilər
- Ağrı tutması başlayarkən onu qəbullanıb, ağrıkəsici qəbul edib, daha sonra yuxuya getməyə çalışmaq lazımdır.
Miqrenin müalicəsi.
Miqrenin müalicəsi davranış terapiyası, tutmanın müalicəsi (kəskin ) , qoruyucu və ya profilaktik müalicə olmaqla 3 ana başlıq altında birləşir.
Davranış terapiyası dedikdə, miqreni tətikləyən faktorlardan uzaq olmaq yəni, dieta, normal gecə yuxusunun olması, relaksion əgzərsizləri, koqnitiv terapiya başa düşülür.
Miqrendə ağrı səbəb olan amillərdən uzaq olmaq lazımdır. Məktəbdə baş verən problemlər uşaqda baş ağrısına səbəb olur.İmtahan zamanı yaranan yorğunluq, stres, vaxtında qidalanmamaq miqren ağrılarının tezləşməsinə səbəb olur.
Kəskin dövrdə yəni ağrı olduqda uyğun dozada və zamanında aağrıkəsicilr qəbul edilməlidir. Səssiz və qaranlıq otaqda yuxuya getmək məsləhətdir. Lazım olan effekt olmadıqda 2 saat sonra yenə müvafiq preparat qəbul etmək lazımdır. Ağrıkəsicilər həkim nəzarəti altında qəbul edilməlidir. Həftədə 1-2 dəfədən çox qəbulu doğru hesab edilmir. Uşaqlarda ibuprofen, asetaminofen qəbulu məqsədyönlüdür.
Profilaktik müalicə xəstənin miqren ataklarının qarşısını almaq məqsədilə aparılır. Ayda 3-4 dəfə miqqren atakı olan xəstəyə profilaktik müalicə tətbiq edilir. Yanaşı gedən xəstəliklər də nəzərə alınmalıdır. Profilaktik müalicə 4-6 ay aparılır.Profilaktik müalicə arasında fasilə aparılmalıdır. Profilaktik müalicəyə Propranolol, Amitriptilin, Topiramat, Levetiracetam və s preparatlarından istifadə edilir. Miqren zaman profilaktik istifadə edilən prepratlar çəkidə azalma, bəziləri çəki artımı və s kimi əlavə təsirlər yarada bilir. Uşaqlara profilkatik müalicə seçildiyi zaman ətraflı düşünüb daha az zərəri olan preparat təyin etmək məsləhətdir.
Gərginlik baş ağrısı.
Əsasən iki tərəfli, küt ,basıcı və ya sıxışdırıcı xarakterlidir. Başın arxasından və boyundan başlaya bilər. Yüngül və ya orta şiddətlidir.Fiziki hərəkətlə artmır. Fotofobiya və ya fonofobiya nadir görünür. Tətikləyici faktorlar gərginlik baş ağrısında da var amma miqrendən daha azdır. Yuxusuzluq və stres əsas amillərdir. Nevrozdan əziyyət çəkən insanlarda daha çox görünür. Gərginlik baş ağrısı epizodik və xroniki olmaqla iki yerə ayrılır.Uşaqlarda gərginlik baş ağrısı və miqrenin ayırımı çətin olur.Buna səbəb ağrıların sıx baş verməsidir. Hər iki ağrı bir şəxsdə görünə bilər.
Dəstəşəkilli baş ağrıları. Klaster baş ağrıları.
Dəstəşəkilli baş ağrıları yalnız 10 yaşdan yuxarı, əsasən, oğlan uşaqlarında olur. Baş ağrıları 1-2 illik fasilə ilə həftələr və aylarla sürən tutma dövrü ilə səciyyələnir. Bəzən ildə 1-2 dəfə – payızda və yazda ola bilər. Remissiya dövründə ağrı olmur.
Baş ağrıları əsasən yuxuda başlayır. Ağrı 30-60 dəqiqə sürən partlamalar şəklində olar, gün ərzində 2-6 dəfə təkrarlana bilər. Daim birtərəflidir və bütün həmlələrdə eyni tərəfdə olar. Ağrı başın yarısına yayılmazdan əvvəl bir gözün arxasında və ətrafında olar. Həmlə zamanı xəstə sakit dura bilmir, otaqda gəzinir– bununla da miqrendən fərqlənir (miqrenli xəstə yuxuya meyillidir). Ağrı şiddətlidir, zoqquldayan və ya sürəkli xarakterlidir. Dərinin saçlı hissəsi ödemli və həssaslığı yüksəlmiş ola bilər. Ürəkbulanma və qusma olmur. Bunlarla yanaşı, əsas xarakterik əlamətlər- başın ağrı olan yarısında vegetativ pozulmalar: gözdə konyuktivanın qızarması, həmin tərəfdə göz yaşı axması, Horner sindiromu ( ptoz, miyoz, enoftalm) , üzdə qızarma və burun tutulması ortaya çıxar.
Xroniki paroksizmal hemikraniya.
—Dəstəli baş ağrılarında olduğu kimi başın bir yarısında vegetativ əlamətlərlə müşayiət olunan zoqquldayıcı baş ağrılarıdır, birtərəflidir. Ağrı həmləsinin müddəti isə dəstəli baş ağrılarından daha qısa və daha sıxdır. Həftələrdən aylara qələr sürən həmlələri aylardan illərə qədər olan remissiya əvəz edə bilər. Ağrı alın və göz ətrafında yerləşir, konyuktivanın qızarması və göz yaşı ilə birlikdə olur.
Hemikriya kontinua. Davamlı hemikraniya.
–Başın bir yarısında orta şiddətli, kəsilməyən baş ağrılarıdır. Vegetativ əlamətlər ola bilər, lakin səciyyəvi deyil. Bəzi xəstələrdə remissiya olmur, bəzilərində həftələrdən aylara qədər çəkən remissiyalar olur.
-Diaqnoz qoyularkən kəllədaxili təzyiqin artması inkar edilməlidir. Həmçinin ağrıkəsicilərin istifadəsindən yaranan baş ağrıları inkar edilməlidir.